Karantin qaydalarına zidd olan 170 minədək icazə ləğv edildi
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər öncə 8, sonra isə 11 aprel tarixində edilmiş xəbərdarlıqlardan nəticə çıxararaq əsassız və lüzumsuz olan icazələri icaze.e-gov.az portalından silib.
Sabah.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda geri qaytarılan icazələrdə heç bir redaktə aparmayan, əmək müqaviləsi olmayan, icazələri xidməti müqavilə olaraq sistemdə təsdiq etməyən təşkilatların icazələri ilə birlikdə isə, ümumilikdə 170 000-dək icazə avtomatik rejimdə ləğv olunub.
Hüquqi və fiziki şəxslər tərəfindən qeydə alınmış şəxslərə tövsiyə olunur ki, olduqları yeri tərk etməmişdən öncə onlar üçün müraciət edən qurumdan icazəsinin icaze.e-gov.az portalında aktivliyini dəqiqləşdirsinlər.
Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.
Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 48 332 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 692 187 icazə qeydiyyata alınıb və hazırda həmin icazələr aktivdir.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün isə SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib ki, bunlardan da təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
Daha çox