Karantin rejimini pozan “jurnalist” həbs edildi

XƏBƏR
15:10
16 Aprel 2020
42

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və  planşetlə yoxlanılarkən “8103” SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub.

Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib. Onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib.

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.

Xəbər lenti