Məmmədyarov ATƏT-in Baş katibini Bakıya dəvət etdi

ÖLKƏ
09:16
11 Fevral 2020
21

Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb və tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Sabah.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüş zamanı Qreminqer ATƏT-in Azərbaycanı təhlükəsizliyin hər üç ölçüsü – hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü – üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Bu xüsusda, Baş katib ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.

Elmar Məmmədyarov Qreminqeri bu ilin 28-30 yanvar tarixlərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb. Baş katib Qreminqer Minsk Qrupunun həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə əhalilərin sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

Elmar Məmmədyarov Qreminqeri yaxın gələcəkdə Azərbaycana səfər etməyə dəvət edib. O, bildirib ki, Baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

Xəbər lenti