Buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
Sabah.az xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər (39672 nəfər) DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 aprel 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.
Daha çox