"ATƏT yenə ədalətli ola bilmədi" - Əli Əhmədov
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Facebook"da "ATƏT yenə də sonadək obyektiv və ədalətli ola bilmədi" adlı məqalə paylaşıb.
Sabah.az həmin məqalənin mətnini təqdim edir:
"Fevral ayının 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılıb. Qeyd etməliyəm ki, bəyanat sözügedən təşkilatların ənənəvi tam obyektiv olmayan mövqeyindən fərqlənməməsi ilə seçilir. Nəzərəçarpan cəhətlərdən biri də sənəddə bir-birinə əks olan mövqelərin və ya dəyərləndirmələrin səsləndirilməsidir. Cəmi 125 yer uğrunda mübarizədə 1300-dən çox namizədin iştirak etdiyi seçki kampaniyasında həqiqi rəqabətin olmaması kimi nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır. Azərbaycanda parlament seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçilərin qeyd olunan nümayəndələrinin bəyanatında diqqəti çəkən digər bir cəhət bəzi Avropa qurumlarının ölkəmizlə bağlı ayrı-ayrı zamanlarda qəbul etdiyi qərəzli qərarlara istinad etməsidir ki, bu da sənəddə konkretliyin yayğın ifadələrlə və fikirlərlə zəngin olmasından xəbər verir.
Nəzərə alınmalıdır ki, sözügedən müşahidəçilərdən savayı, seçkilərin gedişini izləyən çoxsaylı beynəlxalq müşahidəçilərin rəyləri obyektivliyi və konkretliyi ilə seçilir.
Təəssüf ki, ATƏT-in müşahidə missiyası yenə də ədalətli və obyektiv ola bilmədi. Ən azından hər gün yaydıqları bəyanatda özünə yer tapmış, lakin seçki prosesində heç kimin görə bilmədiyi “nöqsanların” olması belə qənaətə gəlməyə əsas verir.
Bununla yanaşı, ədalət naminə seçki prosesinin yaxşı təşkilinə dair fikirlərin də yayılan bəyanatda əks olunmasını da qeyd etmək yerinə düşərdi. İstənilən halda artıq arxada qalan seçki kampaniyasının demokratik atmosferdə, yüksək rəqabət şəraitində keçməsinin ən obyektiv şahidləri seçicilər və namizədlərin özü sayıla bilər.
Heç şübhəsiz, 9 fevral seçkiləri Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli mərhələni təşkil edir".
Daha çox