Karantinlə bağlı 2 günün statistikası - 29 həbs, 7314 cərimə

GÜNDƏM
13:50
15 Aprel 2020
34

Daxili İşlər Nazirliyi ötən 2 gün ərzində karantin rejiminin pozulması ilə bağlı statistik məlumatları açıqlayıb.

Sabah.az xəbər verir ki, ötən 2 gündə xüsusi karantin rejimini pozduqlarına görə 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 26 nəfər inzibati qaydada həbs olunub, 7 314 nəfərə isə inzibati cərimə tətbiq edilib.

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7 314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 26 şəxs isə inzibati qaydada həbs olunmuş, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan  məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib.

Xəbər lenti