Meşədə göbələk yeyən rəfiqələr öldü - Yenilənib
Xaçmaz rayonunda iki qadın göbələkdən zəhərlənib.
Sabah.az xəbər verir ki, hadisə rayonun Seyidli kəndində baş verib.
1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi Günel Abdullayeva rayonda qonaq olarkən meşə sahəsində topladıqları göbələkdən yeyiblər. Daha sonra onlar zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qadınlar oradan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilərkən İ.Bayramova yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, ötən gün saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
1985-ci il təvəllüdlü şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.
Daha çox