Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi

ÖLKƏ
17:20
4 Oktyabr 2024
176

“Sosial şəbəkələrdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan iddialar Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən araşdırılıb”​.

Bu barədə Sabah.az-a Naxçıvan MR Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunduğu məlum olub: “Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə  pozub.

Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini  pozması səbəbindən  məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə  təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə  bağlanan əmək müqaviləsinə xitam verilib”.

Nazirlikdən həmçinin bildirilib ki, eyni zamanda məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq  elan edilib.

Xəbər lenti