İsmayıllıda saxlanılan vəzifəli şəxslər haqda qərar verildi - Yenilənib

ÖLKƏ
12:30
5 Sentyabr 2024
95

İsmayıllıda keçirilən korrupsiya əməliyyatı ilə bağlı saxlanılan bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona vəzifə səlahiyyətlərini aşma, külli miqdarda rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.

Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev məhkəməyə çıxarılıb. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsini tələb edib.

Binəqədi Rayon Məhkəməsi verilmiş ittihamların ağırlığını və təqsirləndirilən şəxsin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, C.Surxayev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bələdiyyə sədri ilə birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da saxlanılmışdı. O, eyni zamanda Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır. Ə.Süleymanov haqda hələ ki, məhkəməyə təqdimat daxil olmayıb.

Xatırladaq ki, ötən ilin yayında bu bələdiyyə sədri ağacları kəsdiyi üçün məsuliyyətə cəlb edilmişdi. Faktla bağlı akt tərtib edilmiş, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilmişdi.

***

Baş Prokurorluğun məlumatına görə, Əlişir Süleymanov barəsində də Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Onun haqda da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti