Prezidentlə xanımı Kəlbəcərə getdi - Yenilənib

XƏBƏR
12:21
2 Sentyabr 2024
455

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Kəlbəcərdə yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

Bildirilib ki, “Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.

Bu stansiyanın layihəsi “AzərEnerji” ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Aparılan işlərdə yerli mütəxəssislərlə yanaşı, Avstriya və İtaliya şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.

Prezident İlham Əliyev “Yuxarı Vəng” Su Elektrik Stansiyasını işə salıb.

Bildirilib ki, “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. “Yuxarı Vəng” SES “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Mədəniyyət naziri Adil Kərimli dövlət başçısına və birinci xanıma abidə haqqında məlumat verib.

Bildirilib ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.

Qeyd olunub ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yolda artıq bir sıra işlər tamamlanıb.

Məlumat verilib ki, yolun 34,9-35,4 kilometrliyindəki tunelin uzunluğu 500, hərəkət hissəsinin eni isə 8 metrdir.

Layihə üzrə yolboyu ümumi uzunluğu 2968 metr olan 6 qovşaq yenidən qurulub. Ümumi uzunluğu 5600 metr olan 36 bağlantı yolunun tikintisi də icra edilməkdədir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun hazır olan 15,2 kilometrlik hissəsində görülən işlərlə bağlı da məlumat verilib.

Diqqətə çatdırılıb ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlət başçısına yaşayış kompleksi barədə məlumat verib.

Bildirilib ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.

Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.

Qeyd olunub ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoyub.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək.

Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.

Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlayıb.

Kəlbəcər işğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərirdi. Bunlardan əlavə rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdənkənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir.

***

Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlət başçısı inzibati binanın təməlini qoyub.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.

***

Prezident İlham Əliyev Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Eyni zamanda, dövlət başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.

***

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

Xəbər lenti