Göygöldə 4 nəfər bit dərmanından zəhərləndi - 10 yaşlı uşaq öldü+Yenilənib

HADİSƏ
15:18
30 Avqust 2024
115

Göygöl rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə kəndlərin birində qeydə alınıb. Bildirilib ki, zəhərlənən 4 nəfərdən 3-ü azyaşlıdır. Onlardan 10 yaşlı uşaq ölüb.

Bildirilir ki, uşaqların nənələri başlarını bit dərmanı ilə yuyub. Onların “Niastol” adlı bit dərmanından zəhərləndikləri ehtimal edilir.

Araşdırma aparılır.

***

Vəfat edən azyaşlının 2014-cü il təvəllüdlü A.Orucova olduğu məlum olub.

***

TƏBİB-dən bildirilib ki, bu gün saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü bir nəfər (qadın cinsli) və üç azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan qadının vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.

Qeyd edək ki, oxşar hadisə bu ilin iyul ayında Xızı rayon Altıağac qəsəbəsində də qeydə alınıb. Belə ki, 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlunun başına bit düşüb. Bundan sonra azyaşlının başına mal-qara üçün nəzərdə tutulan "Niastol" dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və dünyasını dəyişib.

Xəbər lenti