Karantin qaydalarını pozan məktəb direktoru və qəzet redaktoru saxlanıldı - Video

XƏBƏR
16:24
11 Aprel 2020
229

Koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejimini müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonu ərazisində yaradılmış postda polis əməkdaşları tərəfindən rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi “VAZ 2107” marklı avtomobillə karantin qaydalarını pozduğu üçün saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun 1-ci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb.  S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib.

Polis əməkdaşları tərəfindən S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən “Suqovuşan” qəzetinin redaktorunun müavini Sabirabad rayon sakini Elçin Nəsibov da müəyyən edilərək polis şöbəsinə gətirilib. O, izahatında “Suqovuşan” qəzetində işləməsinə baxmayaraq özünün təsis etdiyi “Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından süi-istifadə edərək tanışı S.Əsgərova təqdim etdiyini bildirib.

Hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib  və onlar məhkəmənin qərarı ilə  200 manat məbləğində cərimə ediliblər

Daxili İşlər Nazirliyi  bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcəkdir.

Xəbər lenti