Əfsanə ilə bağlı həkim rəyi yenə eynidir

XƏBƏR
17:55
14 May 2024
121

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkim rəyi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Məlumat üçün deyək ki, ibtidai istintaq zamanı keçirilmiş eksperiza rəyində Əfsanənin hadisəni törədərkən hər hansı psixoloji probleminin olmadığı qənaətinə gəlib.

Məhkəmə istintaqı dövründə isə xanım müttəhimin vəkilinin vəsatəti əsasında Əfsanə yenidən tibbi-psixoloji ekspertizadan keçirilib. Rəydə onun hadisəni törədərkən anlaqsız olduğu qeyd edilib.

Prokuror həkim rəyi ilə razılaşmayıb, təqsirləndirilən şəxs bir daha tibbi ekspertizaya göndərilib. Bu günlərdə sonuncu ekspertiza rəyinin də cavabı hazır olub. Həkimlər yenə də rəydə Əfsanə Qalabəylinin cinayət törədərkən anlaqsız olduğunu yazıblar.

Yaxın günlərdə məhkəmə araşdırması qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər “Sərhədçi” idman kompleksində çalışırmış.

Xəbər lenti