“Hələ də qəza görüntülərini ala bilməmişəm” - İlk dəfə danışdı

ÖLKƏ
17:20
14 May 2024
262

Aparıcı Aytən Səfərova keçirdiyi avtomobil qəzasından sonra ilk dəfə açıqlama verib.

Sabah.az xəbər verir ki, o, yaydığı videomüraciətdə insidentdə günahkar olmadığını deyib:

“Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır və məşhurdur deyə kadrlar ört-basdır edilir, bu iş sakit olacaq və s. Kadrları görmüşəm, mənim orada günahım yoxdur”.

A.Səfərova hadisə anını belə danışıb:

“Səhər saat 7 radələrində işə gedirdim. 16 ildən çoxdur gedib-gəldiyim yoldur. Aydındır ki, svetofora yaxınlaşanda hər kəs sürətini azaldır. Sürətim 60-65. O sürətlə daxil oluram neytrala. Qarşıma da cip gəlir, nə gəlir. Qırmızı işıqda sürətlə dönməyi bir yana, hətta qazı basır, girir maşınım altına”.

Aparıcı qəza kadrlarının hələ də ona verilmədiyindən şikayətlənib:

“O kadrları görmüşəm, istəyirəm siz də görəsiniz. Amma mən o kadrları ilk gündən əldə edə bilmirəm. Nə mən, nə də ailəm.Deyirlər, istintaq sirridir. Dövlət sirri deyil axı. Ana-balanı maşın vurur, bir-iki saata kadrlar yayılır. İstintaq gedə-gedə necə ictimailəşir? Ən azından mənə niyə verilmir? Adım niyə hallanmalıdır? O kadrları istəmək haqqımdır. Onları heç kim təqdim etmir”.

A.Səfərova məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini əlavə edib.

O, qəzada vəfat edən Ayxana Allahdan rəhmət, yaxınlarına səbir diləyib:

“Onların timsalında bir dost ailə qazandıq”.

Xatırladaq ki, qəza aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospektində qeydə alınıb. A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. O, ağır xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı qanunvericiliyə uyğun olaraq cinayət işi qaldırılıb:

“İstintaqın gedişində müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırma davam edir. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Xəbər lenti