“Fazildən sonra dövlət orqanlarına girib qarşıma çıxanı vurmaq istəyirdim”

ÖLKƏ
11:07
27 Aprel 2024
509

Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda iş üzrə sonuncu şahid ifadə verib.

Şahid polis əməkdaşıdır. Polis əməkdaşını bu işə bağlayan təqsirləndirilən Rəşad Əhmədovun tutulmasında iştirak etməsidir. O, üç nəfərlik qrupun rəhbəri olub. Şahid deyib ki, R.Əhmədovu saxladıqdan sonra üzərinə baxış keçirilib. Baxış zamanı onun üstündə psixotrop maddələr aşkar edilib.

Bütün şahidlərin dindirilməsi başa çatdıqdan sonra iş materiallarının tədqiqinə başlanılıb.

İlk olaraq təqsirləndirilən Azər Səricanovun istintaq dövründə verdiyi ifadəsi elan olunub. Təqsirləndirilən şəxs müstəntiqə ifadəsində araşdırılan cinayət işinin planlaşdırılması və həyata keçirilməsinin təfərrüatını danışıb.

“Fazili cəzalandırdıqdan sonra başqa dövlət orqanlarına da girib qarşıma kim çıxsa, silahla vurmaq istəyirdim. Terrora hazırlıq da bu idi”-, müttəhim Səricanov deyib.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti