Üç nəfər bıçaqlandı, 2-si öldü - Oğul saxlanıldı
Kürdəmirdə oğul anasını və daha iki şəxsi bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Sabah.az-a verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində qeydə alınıb.
Belə ki, Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
***
Kürdəmir rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb:
“Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir”.
Daha çox