Əsgərliyə getmək istəməyənlərə saxta sənədlər verdi

XƏBƏR
14:57
6 Fevral 2024
322

Hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə verilməsi saxta arayışlar hazırlayan şəxsin əməlləri ifşa edilib.

Sabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Xəlilov Fuad Elçin oğlu barəsində araşdırma aparılıb. Onun tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması üçün materiallar aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Xəbər lenti