Elçin Ağacanov məhkəmə zalından azadlığa buraxıldı

ÖLKƏ
11:33
4 Dekabr 2023
146

Dələduzluğa görə həbs edilən iş adamı Elçin Ağacanovun məhkəməsi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə E.Ağacanov Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, “Geocom” şirkətinin təsisçisi olan E.Ağacanov Bakıda tanınmış onkoloqlardan olan A.Quliyevanın (şərti soyadlı) etibarından istifadə edərək onun tanışını Dövlət Vergi Xidmətindəki vəzifəsinə bərpa edəcəyinə vəd verib. Bunun qarşılığında Elçin Ağacanov xanım həkimdən 26 600 manat alıb. Lakin o, vədinə əməl etməyərək pulları ələ keçirib. Pulunu ala bilməyən A.Quliyeva hüquq-mühafizə orqanlarına müraciət edib və Elçin Ağacanov həbs edilib.

Barəsində cinayət işinin açılmasından və həbs edilməsindən sonra E.Ağacanov aldığı pulları geri qaytarıb.

Nərimanov Rayon Məhkəməsinin 1 dekabr tarixli hökmü ilə o, 6000 manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elçin Ağacanov 2011-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı da dələduzluq ittihamı ilə saxlanılmışdı.

Xəbər lenti