Məhkəmədə söyüş söydü, hakim əsəbiləşdi - “Sea Breeze”də dalaşanlar üz-üzə gəldi

ÖLKƏ
10:50
1 Dekabr 2023
357

Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində tanınmış Elnur Məmmədov ifadə verib.

E.Məmmədov eyni dava ilə bağlı həm də təqsirləndirilən şəxsdir. Lakin o və axtarışda olan bir neçə nəfərin işi ayrıca icraata götürülüb, hələ ki ibtidai istintaq mərhələsindədir. Ondan başqa bu iş üzrə Cavad Muradov da həm təqsirləndirilən, həm də zərərçəkmişdir.

Fotoda Elnur Məmmədov

Bəhs etdiyimiz iş üzrə 4 nəfər-Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşir. Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib.

Bundan əvvəl Elnurun məhkəmədən yayınması və vəkillərin buna etiraz etməsi barədə yazmışdıq. E.Məmmədov bu gün məhkəməyə gəlib, sərbəst ifadə verib.

Zərərçəkmiş deyib ki, müttəhimlərdən yalnız Elmir İsmayılovu tanıyır. Onunla davadan əvvəl bir neçə dəfə birlikdə yeyib-içiblər:

“Həmin gün “Sea Breeze”də konsert var idi. Qohumum Vüqar Tağıyev və Cavad Muradovla restoranda eyni masada əyləşmişdik. Vüqarla Elmir tanış idilər. Ona görə, Elmir əlində içki ilə bizim masaya gəldi. Tam yadımda deyil necə oldu, amma aramızda mübahisə yarandı. Elmir də mən də çox içkili idik. Sonra mübahisə böyüdü, çölə çıxdıq. O, məni, mən onu vurdum. Kütləvi dava düşdü. Bilmədim kim-kimi vurdu. Əynimdə ağ köynək var idi, dava vaxtı cırıldı”.

Elnur Məmmədovun əksər suallara “bilmirəm”, “xatırlamıram” kimi cavablar verməsi hakimi özündən çıxarıb:

“Sizə xəbərdarlıq etdim ki, yalan ifadə verməyə görə cinayət məsuliyyyətinə cəlb oluna bilərsiz. Burda 4 nəfər cinayətdə təqsirləndirilir. Siz də zərərçəkmiş kimi tanınmısız. İndi gəlib deyirsiz ki, xatırlamıram. Onda belə çıxır ki, bu adamlara əsassız ittiham verilib?!”.

İttihamda yazılır ki, Elnur Məmmədov hadisə vaxtı huşunu itirib. Məhkəmədə vəkilin eyni sualına cavab verərkən isə huşunu itirmədiyini bildirib.

Müdafiə tərəfini maraqlandıran məsələlərdən biri Elnurla Elmirin hadisədən sonra görüşüb barışıq əldə etmələri, bir neçə saat sonra isə Elnurun gedib polisə şikayət etməsi olub.

“Görüşdən sonra polisdən zəng etdilər. Dedilər dava videoya düşüb. Mən də hadisənin necə baş verdiyini dedim. Bu iki içkili adam arasında olan münaqişə idi. Ortada bir şikayət də yoxdur. Burda böyüdüləsi nə varki?”, -E.Məmmədov deyib.

Əvvəlki iclasda ifadə verən şahidlərin dediyinə görə, həmin gün Elnur Elmirin maşınının qarşısını kəsərək yerə düşürüb. Bu vaxt o, Elmirə yumruqla zərbələr endirib. Həmin vaxt Elmirin “Range Rover” markalı avtomobili də yararsız hala salınıb.

Elnurun son deyilənlərin yalan olduğunu deməsi şüşə qəfəsdə əyləşən Elmiri əsəbləşdirib:

“Necə yəni məni maşından düşürüb vurmamısan? Mən sənə görə 6 aydır günahsız yerə həbsdə yatıram. Düzünü danış”.

Elmir İsmayılovun vəkili Elnurun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərin hər birinin əvvəlki ifadəsi elan olunub. Buna görə də zərərçəkmişin də ifadəsi elan olunmalıdır. Hamıya maraqlıdır ki, niyə görə Elnurun işi ayrıca aparılır.

Hakim “əvvəlki ifadənin elanına zərurət yoxdur” deyərək vəsatəti təmin etməyib.

Prosesin davamında təqsirləndirilən şəxslərdən 3-ü sərbəst ifadə verib. Elmir İsmayılov ifadəsində deyib ki, hadisə günü Elnur Məmmədov dostları ilə birgə onu əyləşdiyi masadan kənara çağırıblar. Bu vaxt onlar arasında mübahisə yaranıb, onu döyməyə başlayıblar:

“Hadisə “parkovka”da baş verdi. Mənə söyüş söyən də o idi. Amma mən cavab qaytarmadım. Hisslərimi içimdə boğdum. Elnur dostları ilə birgə üstümə hücum etdi. Bir neçə nəfər idilər. Davanı Elnur başlatdı. Üstündən bir az keçəndən sonra qardaşıma zəng etdim ki, gəlin məni götürün. Mən uşaqları ora davaya çağırmamışdım. Səhəri gün Elnur məni görüşə çağırdı. Məndən üzr istədi. Ondan sonra eşitdim ki, gedib polisə şikayət edib”.

Prosesin davamında bu iş üzrə zərərçəkmiş Cavad Muradovun Elnur Məmmədova üz tutaraq “hadisə gününün səhəri kafedə bir nəfərə demisən ki, davanın videosu yayılıb, gəlin kimisə “rasxoda” qoyaq”,- deməsi Elnurun nalayiq şəkildə reaksiyasına səbəb olub.

O, elə bir söz demədiyini bildirib, məhkəmə zalında hər kəsin eşidəcəyi şəkildə həmin sözləri deyənin də ünvanına söyüş söyüb.

E.Məmmədovun iclas zalında söyüş söyməsinə hakim sərt reaksiya verib:

“Sən deyəsən, buranı olduğun başqa yerlərlə səhv salmısan. Məhkəmə söyüş söymək yeri deyil”.

C.Muradov E.Məmmədovla üzləşməsində ondan hər şeyi necə var danışmasını istəyib:

“Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.

Fotoda Cavad Muradov

Cavad Muradov özünün təqsirsiz olduğunu, kiminsə badına gedib 6 aydır dustaq olduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb.

Bundan sonra digər müttəhimlər ifadə veriblər. Peyman Vəlizadə Məhəmməd Həsənzadə əsasən oxşar danışıblar. Onların dediyinə görə hadisə günü Elmirin qardaşı Elgünlə birgə Mərdəkan qəsəbəsində bağda olublar. Elmirin zəngindən sonra Muradı da götürüb “Sea Breeze”ə gəliblər. Onlar restorana çatanda kütləvi dava olduğunu görüblər:

“Sea Breeze”ə çatanda Elmir qanın içində idi. Kütləvi dava gedirdi, amma Elmir içlərində yox idi. Elnur söyüş söyməsəydi, dava da olmazdı. Söyüşə görə də Elmirin qardaşı Elgün də davaya qarışdı. Biz bu işdə zərərçəkmişik, amma 6 aydır kiminsə sifarişi ilə həbsdə yatırıq”,- təqsirləndirilən Vəlizadə belə deyib.

Növbəti iclas təqsirləndirilən yeniyetmənin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Leysan Məmmədov 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında çalışır, “Sea Breeze”dəki davanın iştirakçısı olan Elnur isə hadisəyə qədər Vergilər Xidmətinin inspektoru olub.

Xəbər lenti