"Belə olsa, 5-ci gün birjalarda neft, demək olar ki, havayı olacaq"
"Neftin yaxın aylar üçün taleyi cümə axşamı müəyyən ediləcək. Aprelin 9-da OPEC və Rusiya (əslində Səudiyyə və Rusiya) görüş keçirəcək, müəyyən qərarların alınması gözlənilir. Amma ən maraqlı məsələ budur ki, Tramp və ABŞ dünyada neft qiymətlərinə təsir edən başlıca güc kimi yenə özünü göstərdi"
Sabah.az xəbər verir ki, bunu iqtisadçı deputat Natiq Cəfərli feysbukda yazıb. O xatırladıb ki, neft 70 dollara qalxan kimi Tramp bir tvit atdı və OPEC+ formatını təhdid etdi ki, qiymətləri süni yolla yuxarı çəkirlər, bu isə ABŞ üçün məqbul deyil: " Çünki baha neft qiyməti daha baha benzin deməkdir – amerikalılar üçün bu qəbul edilməzdir. ABŞ seçicilərinin səsvermədə ən çox fikir verdiyi məsələ benzin qiymətləridir, çünki ABŞ avtomobil ölkəsidir, hər 1000 nəfərə 838 avtomobil düşür, bu, dünyada ən yüksək göstəricilərdən biridir. Tramp prezident seçilən il ABŞ-da 1 qallon benzinin (3,7 litr) ABŞ üzrə orta qiyməti (ştatdan ştata fərqlənirdi) 2,5 dollar civarında idi. Keçən ilin sonunda 1 qallon benzinin qiymət 4 dollar civarında oldu. Bu da Donald Trampın xoşuna gəlmədi deyə ard-ardına tvit yazaraq qiymətləri bir az aşağı çəkməyi bacardı. O zaman da təhdid dolu bəyanatları olurdu, hətta OPEC-lə bağlı “kartel sövdələşməsi” məsələsini məhkəməyə verməyi düşünürdülər. Trampın istəyi o idi ki, neft 45-50 dollar civarına çəkilsin, benzinin qallon qiyməti də 3 dollardan aşağı olsun. Bu zaman seçkilərdə şansı artırdı, həm də ABŞ-ın irili-xırdalı neft istehsalçıları üçün 45-50 dollar koridoru çox konfortlu qiymət aralığı idi.
Martın əvvəlində OPEK-də razılaşma pozuldu, Rusiya və Səudiyyə anlaşmadılar, qiymətlər kəskin düşdü, Rusiyanın öz oyunu vardı, ABŞ istehsalçılarını bazardan sıxışdırıb çıxartmaq, amma əsas hədəf bu da deyildi. Məqsəd qazın da qiymətini ucuzlaşdıraraq ABŞ-ın Avropaya sıxılmış qaz satmaq ideyasını puça çıxartmaq idi. ABŞ aqressiv şəkildə Avropaya sıxılmış qaz (LNG) satmağa başlamışdı, bu il isə satış həcmini 80 mlrd. m3-ə çatdırmağı palanlaşdırırdı. ABŞ qazı daha bahadır, logistika və əməliyyat xərcləri daha çoxdur, Rusiya isə borular vasitəsi ilə ildə Avropaya 150 mlrd. m3 qaz satır, bir neçə ay daha ucuz satmağa razı idi ki, təki ABŞ o bazara girə bilməsin.
Məncə, Kreml bu planı keçən ilin sonunda təsdiqləmişdi, çünki OPEC+ formatında növbəti görüşün məhz mart ayında olacağı öncədən bilinirdi.
Martın əvvəlində isə hələ dünya tam “qıfıllanmamışdı”, Kreml virusun təsirlərinin miqyasını anlamadı deyə anlaşmanı pozdu, amma Səudiyyə məsələnin ciddi olacağını bildiyindən daha böyük hasilat kəsintisinə getməyi təklif etmişdi. Amma, təbii ki, bu Səudiyyənin ağlının məhsulu deyildi – Böyük Qardaşı, ABŞ məhz belə məsləhət görmüşdü. Məncə, ABŞ Rusiyanın qərarlarından öncədən xəbəri var idi, həm də virusun daha geniş karantin tədbirlərinə səbəb olacağını hesablamışdı.
Amma olan oldu, OPEC+ anlaşması pozuldu, neft 10 dollar ucuzlaşdı, bu hadisədən cəmi 5 gün sonra ÜST (Dünya Səhiyyə Təşkilatı) dünyada pandemiya elan etdi. Bundan sonra ölkələr ard-ardına qapanmağa, karantin tədbirlərini sərtləşdirməyə başladılar. Nəticədə dünyanın üzərinə qıfıl vuruldu. Bu isə dünyada neft istehlakını ilk həftə 8%, sonra 15%, bu günə isə 25-30% azaltdı. Nəticədə neft qiymətlərində “sərbəst düşmə” başladı, birja qiymətləri ilə spot (günlük real satış) qiymətləri arasında uçurum yarandı".
N. Cəfərli qeyd edib ki, bu gün dünyada günlük 101 mln. barel neft hasil olunur, günlük istehlak isə 65-70 mln. barelə düşüb: "Dünya neftdə üzür, xammalı saxlamağa rezervuarlar, tankerlər çatışmır.
ABŞ neft istehsalçılarının hər barel üçün maya dəyəri 25-35 dollar arasında dəyişir (şirkətin böyüklüyü, logistik imkanları, texnologi vəziyyətinə görə), bu günki qiymətlər ABŞ istehsalçılarının 80%-nin bankrot olması deməkdir, amma orda da bir “pəncərə” var: ABŞ-da bütün neft istehsalçıları həmişə öz fəaliyyətlərini sığortalayırlar (hedging), bu onlara yaxın həftələrdə dözməyə imkan verəcək, amma qiymətlər 2 ay 20-25 dollarda qalsa, çoxu bankrot olacaq. ABŞ-da bu sahədə yüzminlərlə insan çalışır, məhz buna görə yenə Tramp tvit qılıncını əlinə alıb işə müdaxil oldu.
Rusiyanı və Səudiyyəni təhdid edir ki, birlikdə hasilatı 10-15 mln. barel azaltsınlar, ABŞ özü isə hasilatı azaltmaq istəmir, deyir ki, bizdə 3300 iri-xırda şirkət var, dövlət onlara söz deyə bilməz.
Həm texniki, həm iqtisadi, həm də məntiq olaraq Rusiya və Səudiyyə hasilatı birdən-birə 10-15 mln. barel azalda bilməz – ikisinin birlikdə günlük hasilatı 21 mln. bareldir, gərək hər bir ölkə azı 5-6 mln. barel kəsintiyə getsin, bu isə mümkün deyil. Ən dəhşətlisi budur ki, qıfıllanmış dünyada 10 mln. barel günlük hasilatın azalması belə işə yaramır – kəsinti ən azı 20 mln. barel olmalıdır ki, neft 35-40 dollar koridoruna yerləşsin, bu isə, dediyim ki, heç texniki olaraq da mümkün deyil.
Məncə, aprelin 9-da, cümə axşamı günü bazara sözlü müdaxilələr real işlərdən daha çox olacaq, təqribən, 5-6 mln. barel kəsintiyə gedəcəklər, bunun 3-3,5 mln. barelini Səudiyyə öz üzərinə götürəcək. Rusiya 1,5-2 mln. barel azaltma ilə bağlı öhdəlik götürə bilər, qalan həcmi isə iri-xırda ölkələrin belinə yükləyəcəklər. Biz əvvəl OPEC+ anlaşmasında 20-30 min barel günlük kəsintiyə boyun olmuşduqsa, indi 50 mln barel bizə yükləyəcəklər. Amma bunun yetərli olmadığını hamı gözəl bilir – ona görə də, sözlü müdaxilələr daha çox olacaq ki, bəs gələcəkdə 15-20, hətta 35 mln. barel də hasilatı azalda bilərik. Belə sözlü müdaxilələrlə bazarı diri tutmağa, heç olmasa 35-40 dollar qiymət koridoruna çatmaq istəyirlər. Məsələn, Putin dedi ki, 42 dollar qiyməti Rusiya üçün ideal olar.
Amma anlaşmanın olmama ehtimalı da var. Belə olsa, 5-ci gün birjalarda neft, demək olar ki, havayı olacaq, qiymət 10-15 dollara düşəcək".
Daha çox