Nazirlər Milli Məclisdə - Yenilənib

ÖLKƏ
11:30
4 Noyabr 2023
149

Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dinləmə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə keçirilir.

İclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər qonaqlar iştirak edir.

***

Dinləmədə iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub.

Nazir qeyd edib ki, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür: “Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur. Regionun dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri aparılır, yataqlar istismara cəlb olunur”.

Muxtar Babayevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib: “Müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub”.

***

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov əlavə edib ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.

O bildirib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, həm də bizi əhatə edən ekosistemə zərər vurur: “Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1,5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”.

***

Deputat Siyavuş Novruzov bildirib ki, minaaxtaran şəxs səhər evdən çıxanda fikirləşir ki, qayıtmaya da bilər: “Onların əməkhaqqı yüksək olmalıdırş Onların pensiya yaşı aşağı salınmalıdır. Büdcə müzakirəsi gedir, xahiş edərdik bu məsələlərə bir də baxılsın və minaaxtaranların əməkhaqqı artırılsın”.

Xəbər lenti