Şəhid Ruslan Əlizadə ilə bağlı sənədli film çəkildi - Video

XƏBƏR
17:58
31 Oktyabr 2023
67

Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu barəsində sənədli film çəkilib.

Sabah.az xəbər verir ki, filmdə şəhidin valideynləri, qohumları, dostları onun keçdiyi həyat yolu haqqında danışıb, şəhidlə bağlı xatirələrini bölüşüblər.

Valideynlərinin sözlərinə görə, o, ailəsinə, yaxınlarına sadiq və bağlı olub. Uşaqlıqdan Mübariz İbrahimovun şəhidliyindən təsirlənib və onun kimi hərbçi olmaq istəyib. Buna görə də hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıdıb, MAXE kimi çalışıb.

Qeyd edək ki, Ruslan Əlizadə 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini rayonda Ş.Qurbanov adına 2 saylı tam orta məktədə alıb.

Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşub və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.

Müharibədə göstərdiyi şücaətə görə “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbər lenti