Bu şəxslərin rayonlar və şəhərlərarası hərəkətinə icazə verildi - Qərarda dəyişiklik
Nazirlər Kabineti “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edib.
Sabah.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilib:
“Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir”.
Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.
Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:
- kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;
- heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;
- bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;
- gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;
- aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;
- heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.
Bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:
- fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);
- tədarükçülər və təchizatçılar;
- aqronomlar;
- baytar həkimlər;
- zootexniklər;
- süni mayalanma mütəxəssisləri;
- mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);
- mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər);
- bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.
Bu Təlimatın 3.1-ci bəndi il’ müəyyən edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Şəxslərin hərəkətinin təşkili
Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.
Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:
- olduğu kənd daxilində - sərbəst qaydada;
- olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) - yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə);
- rayonlar arasında - mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə);
- Bakı-Sumqayıt şəhərləri – rayon arasında – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə).
Bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.
Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir.
Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər.
Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.
Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər.
Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır.
Daha çox