Millimizin üzvü karantindən evə buraxıldı

İDMAN
17:44
3 Aprel 2020
87

Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb.

Sabah.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən və Azərbaycana qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 32 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Artıq evinə dönən voleybolçu hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını deyib: “Əziz dostlar, artıq evdəyəm. Bakıya qayıtdıqda Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı bildirdilər. Artıq karantində olduğum günlər sona çatdı, hər şey qaydasında olduğuna görə məni evə buraxdılar. İsraildən Bakıya qayıtmağımda və bu çətin günlərdə məni tək qoymayan Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Məlum səbəblərdən uçuşların dayandırılmasına və gələrkən karantinə alınacağıma baxmayaraq, Bakıya gəlməyi qərar verdim. Azərbaycan mənim vətənimdir. Bu gün çox şadam ki, Bakıdayam və artıq öz evimdəyəm”.

O, Azərbaycan xalqına və idmançılara da səslənib. Yuliya Kərimova hamını “Evdə qal, sağlam qal” kompaniyasına qoşulmağa dəvət edib: “Evdə olmağıma baxmayaraq, ölkəmizdə karantin davam edir. Bir vətəndaş kimi, mən də hökumətimizin verdiyi bütün qərarlara riayət etməyə çalışıram. Komanda yoldaşlarım başda olmaqla, hər kəsə səslənirəm - evdə qalın. Çünki bu virusa yalnız belə qalib gələ bilərik”.

Xəbər lenti