Ordumuzun hərbçisi yaralandı - Yenilənib

XƏBƏR
12:10
22 Avqust 2023
163

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Müdafiə Nazirliyindən (MN) Sabah.az-ya verilən məlumata görə, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan bildirilib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Xəbər lenti