“Ayrılan vəsait 2,5 milyard manatdır” - Deputat dəstək proqramından danışdı
Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. İşçi qrup tərəfindən koronavirusdan ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib, eyni zamanda iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram hazırlanıb.
Sabah.az xəbər verir ki, dəstək proqramlarının mahiyyətini “Report”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlətin təqdim etdiyi bu paket sahibkarlarla yanaşı, muzdlu işçilərin də sosial təminatını dəstəkləyir:
“Ölkə Prezidentinin tapşırığı ilə koronavirusun Azərbaycan iqtisadiyyatına, eləcə də sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması ilə bağlı dörd İşçi Qrup yaradılıb. Artıq həmin İşçi Qruplardan biri, iqtisadi sektor üzrə formalaşmış qrup öz təkliflərini, eyni zamanda hazırlanmış paketi ölkə Prezidentinə təqdim edib. Paket 10 proqamdan ibarətdir. Əvvəla, paketin hazırlanmasında məqsəd koronavirusun iqtisadiyyata, eləcə də sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması və bununla bağlı dövlət tərəfindən həm birbaşa maliyyə dəstəyi, həm də dolayı dəstək proqramının təqdim olunmasıdır.
Təşviqedici proqrama vergi güzəştləri, kreditlərə güzəştin tətbiq edilməsi, ipoteka kreditləşməsinin genişləndirilməsi, faizlərin subsidiya edilməsi kimi tədbirlər daxildir. Proqram praktik olaraq həm sahibkar, həm də özəl sektorda muzdla çalışan vətəndaşlarımızın dəstəklənməsini həyata keçirir. Proqramın hazırlanması və bütövlükdə nəzərdə tutulan fəaliyyətlərin reallaşması üçün ayrılan vəsait 2,5 milyard manatdır.
Birinci mərhələdə bu istiqamətdə 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Daha sonra ölkə Prezidentinin tapşırığı ilə bu rəqəm 2,5 milyard manata qədər artırıldı. Bu, Azərbaycanda ÜDM-in 3%-i deməkdir. Azərbaycan koronavirusun iqtisadiyyata, eləcə də sahibkarlara vurduğu ziyanın minimumlaşdırılması ilə bağlı tədbirlərə ayırdığı vəsaitin ÜDM-dəki həcminə görə MDB-də birincidir. Bu da ondan xəbər verir ki, hökumət koronavirusun ziyanlarını mövcud maliyyə imkanları daxilində azaltmağa çalışır".
V.Bayramovun sözlərinə görə, hazırda muzdla çalışan işçilərin sayı 1,555 milyon nəfərdir. Onlardan 900 mindən çoxu neft və dövlət sektorunda çalışır: "Həmin muzdla çalışan vətəndaşlarımız hətta məzuniyyətdə olsalar belə dövlət tərəfindən onların ödənişləri həyata keçiriləcək. Digər özəl sektorda 600 mindən artıq muzdla çalışan işçi var. Proqamın da mahiyyəti ondan ibarətdir ki, sahibkarlarımızla yanaşı muzdla çalışan vətəndaşlarımızın da sosial təminatının dəstəklənməsi həyata keçirilsin. O baxımdan birinci proqram 300 mindən çox işçinin əmək haqqısının 50%-inin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.
Bu o deməkdir ki, dövlət əmək haqqını kompensasiya etməklə həmin sektorlarda işçilərin ixtisar edilməsinin qarşısını almağa çalışır və sahibkarlara dəstək olur. Sahibkarlardan da istənilən ondan ibarətdir ki, öz işçi heyətini qoruyub saxlasınlar, ixtisar etməsinlər. Bütövlükdə 20 fəaliyyət sahəsinə koronavirusun təsirlərinin olduğu müəyyənləşib. Onların bir qisminə təsirlər daha çoxdur. 9 fəaliyyət sahəsinə 70% təsirlər olub. 11 fəaliyyət sahəsinə isə təsir 100%-likdir. Əmək haqqı fondu kompensasiya edilən zaman orta aylıq əmək haqqı məbləği nəzərə alınır. Hansı ki, bu məbləğ yanvar ayında 712 manat olub. Təbii ki, orta aylıq əmək haqqı maksimal həddir. Bəzi şirkətlərdə isə real orta aylıq əmək haqqından əmək haqqı səviyyəsinə istifadə olunacaq.
Digər proqram 290 mindən çox mikro və fərdi sahibkarın dəstəklənməsidir. Bu istiqamətdə VÖEN-lə işləyən sahibkarlarımıza maliyyə dəstəyi həyata keçiriləcək. Bu, təxminən 292 min mikro və fərdi sahibkarın faydalanmasına imkan verəcək”.
Deputat qeyd edib ki, dəstək proqramlarında vacib məqamlardan biri proqram və təkliflərin yalnız koronavirus dövrünü deyil, həm də postkoronavirus dövrünü nəzərə almasıdır:
“Koronavirus dövründə mənfi təsirlərin minimumlaşdırılması əsas hədəfdir Digər hədəf isə odur ki, koronavirusdan sonrakı dövrdə sahibkarlar daha qısa zamanda öz fəaliyyətlərini bərpa etsinlər və iqtisadi aktivlik dəstəklənsin. O baxımdan paket eyni zamanda təşviqedici fəaliyyətləri təklif edir və bu reallaşacaq. Bunlar vergi üzrə güzəştlərin tətbiq edilməsidir ki, mikro, yəni sadələşdirilmiş vergi subyektlərinə vergi güzəştləri, eyni zamanda əmlak və torpaq vergisindən azadolmalar tətbiq olunacaq.
Həmçinin ictimai iaşədə fəaliyyət göstərən sahibkarlar üçün belə güzəştlərin tətbiq ediləcəyi gözlənilir. Eyni zamanda mənfəət vergisində azalmalar həyata keçiriləcək. Bəzi ictimai iaşə obyektlərinin ƏDV-dən də azad olunmaları nəzərdə tutulub. İdxalla bağlı xüsusən də ərzaq və tibbi ehtyacların ödənilməsi üçün bəzi məhsullar üzrə ƏDV-dən müddətli azadolmalar olacaq. Praktik olaraq bu istiqamətdə vergi güzəştlərinin tətbiq edilməsi imkan verəcək ki, sahibkarlar postkoronavirus dövründə xərclərini azalda bilsinlər və iqtisadi aktivliyi daha qısa zamanda bərpa edə bilsinlər.
Eyni zamanda kreditlərə güzəştlər veriləcək. Belə ki, sahibkarların əldə etdiyi kreditlərin faizlərinə 10% subsidiya tətbiq olunacaq. Məsələn, əgər sahibkar real sektora yönələn 12%-lik bir kredit alıbsa, onun 10%-i subsidiya olunacaq, dövlət tərəfindən ödəniləcək və digər 2%-i sahibkar özü ödəyəcək və nəticədə sahibkar faizlər üzrə güzəşt əldə edəcək. Eləcə də postkoronavirus dövründə həmin sektorda fəaliyyət göstərən sahibkarların cəlb etdiyi kreditlərin 60%-nə qədər dövlət dətəyinin verilməsi nəzərdə tutulub. Bütövlükdə təkliflər həm birbaşa dəstəyin nümayiş etdirilməsi, həm də təşviqedici fəaliyyətləri nəzərdə tutur. Bu isə ondan xəbər verir ki, paket strateji əhəmiyyət daşıyır və koronavirusdan sonrakı dövrdə də sahibkarların dəstəklənməsini həyata keçirəcək”.
Daha çox