9 ildən sonra bəraət alan Qəhrəmanovla bağlı qərar qüvvədə qaldı
Birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Aydın Qəhrəmanovun 9 il sonra bəraət alması ilə bağlı qərardan verilmiş protestə baxılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda dövlət ittihamçısı bəraət qərarının əsassız olduğunu, işin faktiki halları ilə ziddiyyət təşkil etdiyini deyib.
Prokuror Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinin yenidən araşdırılmasını istəyib. Eyni zamanda zərərçəkmiş şəxslərin nümayəndələri də qərardan şikayət verib, prokurorla eyni mövqedən çıxış ediblər.
Hakim Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, apellyasiya instansiyası məhkəməsinin bəraət qərarı qanuni və əsaslıdır, prosesual pozuntulara yol verilməyib.
Qərara əsasən, prokurorun protesti və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayətləri təmin edilməyib.
Fotoda hakim Nazim Mövsümov
Xatırladaq ki, 2003-cü ildə Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayeva dərmandan zəhərlənərək ölüblər. İlk olaraq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 il sonra, 2013-cü ildə zərərçəkmişlərin Aydın Qəhrəmanov tərəfindən qəsdən öldürüldüyü açıqlanıb.
A.Qəhrəmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 9 il sonra iş yenidən araşdırılıb, bu dəfə Bakı Apellyasiya Məhkəməsi məhkumu günahsız hesab edib. 2022-ci ilin oktyabr ayında A.Qəhrəmanova bəraət verilib. O, 62 yaşında məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Daha çox