Ağcabədidə toyda kütləvi zəhərlənmə - Yenilənib

ÖLKƏ
11:14
10 İyul 2023
227

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.

Sabah.az xəbər verir ki, hadisə Rəncbərlər kəndində keçirilən məclisdə baş verib.

İlkin məlumata görə, 34 nəfər, o cümlədən 16-sı yetkinlik yaşına çatmayan şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlardan 33 nəfər ambulator müayinədən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində vətəndaşa məxsus həyət evində keçirilən toy mərasimində 34 nəfərin zəhərlənməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar  müvafiq ekspertiza təyin olunub, hazırda araşdırma davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərin səhhətində ciddi problem yoxdur, onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

***

TƏBİB-dən verilən məlumata görə, Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ötən gün saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib. Onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

İyulun 9-da aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Xəbər lenti