“Akkord”un binasında lift qırıldı - 6 yaralı var+Yenilənib

ÖLKƏ
14:17
30 İyun 2023
283

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Sabah.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

***

Sabunçu rayon prokurorluğundan bildirilib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə araşdırma aparılır.

Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Xəbər lenti