Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video

ÖLKƏ
09:55
30 İyun 2023
198

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin, eləcə də  5300 ədəd metadon həbi çıxarılıb.

Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.
 
Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psoxotrop maddə olan metamfetamin  aşkarlanıb.

Habelə, qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti