Sumqayıt və Abşerondan da Bakıya giriş məhdudlaşdırıldı - Yeni postlar+Video
Sumqayıt qeydiyyatında olanlar və Bakıətrafı qəsəbələrdə yaşayanlar rəsmi əsas olmadığı müddətdə şəhərə buraxılmırlar. Bunun üçün Sumqayıt və Abşeron ərazisindən şəhərə gətirən bütün yollarda postlar qurulub. Halbuki, əvvəllər belə postlar yalnız Abşeron və Sumqayıt ərazisinə girişdə qurulmuşdu.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Saray qəsəbəsindən Bakı-Sumqayıt yoluna çıxan və buradan şəhər istiqamətində olan geriyə dönüş yeri də bağlanıb və sürücülər yalnız Ceyranbatandan geriyə dönərək yoxlanış postuna gələ bilirlər.
Bununla yanaşı, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən duz gölünün yaxınlığında və "Masazır dairəsi” kimi tanınan ərazidə və şəhərə gətirən digər yollarda da postlar qurulub. Burada həm Sumqayıt, həm də Bakı istiqamətinə hərəkət edən sürücülərin sənədləri yoxlanılır. Yoxlanış səbəbindən zaman-zaman ərazidə uzun tıxac da müşahidə edilir.
Sözügedən postlarda yük avtomobillərinin hərəkəti üçün hər hansı çətinlik yaradılmır.
Baş Dövlət Yol Polis İdarəsinin rəsmiləri sürücüləri bütün qaydalara riayət etməyə və zərurət olmadığı müddətdə evdən çıxmamağa çağırır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox