Nazir müavini qiymət artımından danışdı

İQTİSADİYYAT
12:16
7 İyun 2023
211

“2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiyanın 7 faiz, inkişaf etməkdə olan ölkələr üzrə isə 8,6 faiz olacağı proqnozlaşdırılır:

“İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB-nin inflyasiyanın azaldılması istiqamətində keçirdiyi tədbirlər və hökumətin anti-inflyasiya tədbirləri nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır. AMB tərəfindən 8,9 faiz rəqəmi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur. Bunu aydınlaşdırmaq istərdim”, - deyə E.Əliyev vurğulayıb.

Xəbər lenti