Gədəbəyin bu kəndlərinə dolu düşüb - Yenilənib

XƏBƏR
16:06
2 İyun 2023
65

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Sabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 2-si saat 09:00-a olan məlumata əsasən ötən gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib. Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir.  Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir:

“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

***

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Cənub-şərq küləyi əsir.

Havanın temperaturu aran rayonlarında 23-27 dərəcə isti, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür-Zərdabda 8 sm, Kür-Surrada 3 sm, Gəncəçay-Alaxançallıda 3 sm, Qabırrı-Kəsəmən, Əyriçay-Ağyazı, Katexçay-Qəbizdərə və Bəsitçay-Rəzdərədə 1 sm artım olub.

***

Milli Hidrometeorologiya Xidmətinin saat 15:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü  kəndlərinə saat 14:30-14:40 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.

Xəbər lenti