Prezident Cefri Pyattı qəbul etdi

XƏBƏR
11:28
31 May 2023
70

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.

Sabah.az xəbər verir ki, Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.

Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulanıb, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunulub.

Xəbər lenti