Şəkidə məktəbdə 27 nəfər zəhərləndi - Yenilənib

ÖLKƏ
15:35
23 May 2023
93

Şəkidə eyni məktəbin 3 müəllimi və 24 şagirdi zəhərlənib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Qudula kənd orta məktəbində baş verib. Bildirilib ki, 24 şagird və 3 müəllimin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

***

Şəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

“Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək”, - rəsmi məlumatda bildirilib.

***

Şəkidəki məkdəbdə qeydə alınan zəhərlənmə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də məlumat yayıb.

Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

Xəbər lenti