“Qarabağ”ın avrokubokdakı ev oyunları ilk dəfə “Azərsun Arena”da

XƏBƏR
12:29
15 May 2023
97

“Qarabağ” 2023/24 mövsümü Avropa kuboklarında təsnifat mərhələlərinin ilk 2 ev oyununu “Azərsun Arena”da keçirəcək.

Sabah.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun direktoru Emrah Çelikel məlumat verib.

O qeyd edib ki, komandanın hər il avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bərhamov adına Respublika stadionunda təmir işləri aparılacağı ilə əlaqədar bu qərar verilib:

“İlk iki oyunumuzu “Azərsun Arena”da keçirmək istəyirik. Çünki Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Tofiq Bəhramov”da ot örtüyü dəyişdiriləcək, bir sıra yenidənqurma işləri görüləcək. Bu günlərdə işə başlanmalıdır. “Azərsun Arena”nın durumu imkan verir ki, ilk iki oyunumuzu bu stadionda keçirək”.

Beləliklə, Ağdam təmsilçisi tarixində ilk dəfə rəqiblərini özünə məxsus olan “Azərsun Arena”da qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Təsnifar mərhələsinin oyunları iyul ayında keçiriləcək. Komanda bu mərhələdə uduzarsa, mübarizəni Konfrans Liqasında davam etdirəcək. “Qarabağ” üçüncü mərhələyə adlasa, ev stadionunu yenidən dəyişəcək.

Əlavə edək ki, “Azərsun Arena”nın 6 minə yaxın tamaşaçı tutumu var.

Xəbər lenti