Rəşad Dağlı özünü təqsirli bilmir - Fotolar+Yenilənib

ÖLKƏ
17:04
1 May 2023
471

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Sabah.az APA-ya istinadən xəbər verir ki, meyxanaçının sənət yoldaşları - Orxan Lökbatanlı, Baləli Maştağalı, Ruslan Müşfiqabadlı prosesdə iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəliblər.

Bu gün prokuror ittiham aktını elan edəcək, Rəşad Dağlı ifadə verəcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

***

Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılıb.

İclasda ittiham aktı elan edilib. Rəşad Dağlı qəsdən adam öldürmə və soyuq silah gəzdirmə ittihamlarının heç biri üzrə özünü təqsirli bilməyib.

***

İclasda ittiham aktı elan edilib. Dövlət ittihamçısı bildirib ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə mübahisə edib.

Söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Görüşə getməzdən əvvəl mağazaya girib bıçaq alıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə yekun ittiham verilib.

Daha sonra mərhum İskəndər Mehdiyevin hüquqi varisi, qardaşı Etibar Mehdiyev ifadə verib. O deyib ki, Rəşadı uşaq yaşlarından tanıyır:

“Münasibətimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.

İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər.

İsgəndər evdən çıxanda ancaq telefonunu götürdü. Bir neçə saat sonra qohumlar zəng vurdu ki, mətbuatda İskəndərin Rəşad Dağlı tərəfindən öldürüldüyünü görüblər. Rəşada qarşı şikayətimiz yoxdur”.

Daha sonra Rəşad Dağlıya söz verilib. Meyxanaçı hələ ki, ifadə vermək istəmədiyini, ifadəsini şahidlər dindirildikdən sonra verəcəyini bildirib. Gələn prosesdə şahidlər ifadə verəcək.

Məhkəmə mayın 19-da davam edəcək.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda məhkəmə prosesi davam edir.

Xəbər lenti