Prezident türkiyəli atletləri təltif etdi - Sərəncam

İDMAN
13:51
28 Aprel 2023
327

Prezident İlham Əliyev Türkiyə idmançılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar medallarını Azərbaycana həsr ediblər. Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı. Ötən gün isə türkiyəli atletlər Bakıya səfər ediblər.

Fotoda soldan sağa Cansu Bektaş, Qamze Altun, Nuray Güngör

Xəbər lenti