“İnsan başqasını virusa yoluxdurarsa, qatil hesab olunur”
Dünyada koronavirusla bağlı çox ciddi təhlükə yarandığı üçün insanlar olduqca ehtiyatlı davranmalıdırlar.
Sabah.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
O qeyd edib ki, Azərbaycan əhalisi xüsusi karantin qərarına ciddi riayət etməlidir:
"Dünyanın hər yerində bu infeksiya minlərlə insanın həyatına son qoyub. Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir. İnsanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər. Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır. Qurani Kərimdə də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Ona görə də insan ehtiyatlı davranmalıdır, İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar, başqasını yoluxdurarsa, qatil hesab olunur. Ona görə də mən vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.
Daha çox