304 min muzdlu işçiyə maaş verilməsi üçün maliyyə dəstəyi proqramı hazırlanıb - Nazir

GÜNDƏM
18:47
31 Mart 2020
66

“Sizin tapşırığınıza uyğun olaraq biz işçi qruplarda fəaliyyəti həyata keçirərək dörd işçi qrupunun rəhbərləri ilə müntəzəm məsləhətləşmələr apararkən hökumətin, Baş Nazirin ümumi koordinasiyası ilə, həmçinin nazirliklər, komitələr, özəl sektor, Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, kiçik və orta biznesin nümayəndələri və İnkişaf Agentliyi, o cümlədən Sahibkarlar Konfederasiyasının nümayəndələrini cəlb edərək tutarlı bir proqram hazırlamağa cəhd etdik və bu gün onu Sizin diqqətinizə məruzə edirəm. Çərçivə müəyyənləşərkən Siz işçi qaydada, həmçinin ictimaiyyətin məlumatlandırılmasını qarşımızda bir hədəf kimi qoydunuz və proqramların yekunlaşması prosesi məhz həmin məsləhətləşmələr çərçivəsində nəzərdə tutulur”.

Sabah.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. M.Cabbarov sözlərinə belə davam edib:

“Bu günədək istiqamətlər olaraq Siz qeyd etdiyiniz kimi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı. Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur.

Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da tapşırığınızla hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Burada Siz bizim qarşımızda hədəf qoymusunuz ki, Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasının qorunub saxlanılması məqsədilə yeni layihələrin maliyyələşdirilməsi dayanmasın və bu karantin dövründən sonrakı fəaliyyətdə canlanma baş versin.

Digər tərəfdən, başqa bir proqramı - beşinci proqramı da diqqətinizə məruzə edirəm. Bu, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Burada başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir.

Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir.

Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Bu proqramın həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəyini güman edirik.

Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Sizin tapşırığınızla biz bunu təhlil etmişik ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik.

Nəhayət, bizim bir sıra həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərimiz, dövlət və özəl şirkətlərimiz obyektiv səbəblərə görə, - Siz də artıq bunu qeyd etdiniz, - fəaliyyətini demək olar ki, dayandırıb, yaxud dondurub. Bu müəssisələrlə də bağlı məqsədli proqram hazırlanıb”.

Xəbər lenti