Rüşvətə görə tutulan hərbi komissarın cəzası azaldıldı

ÖLKƏ
15:26
16 Mart 2023
430

Rüşvətə görə tutulmuş Sabunçu rayon hərbi komissarlığının rəisi, polkovnik Rövşən Babayevin cəza müddəti azaldılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb.

Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Polkovnikin həbs müddəti 4 ildən 3 ilə endirilib.

Qeyd edək ki, R.Babayev 2021-ci ildə həbs olunub. Onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılıb. İttihama görə, o, idarə rəisi işləyərkən komissarlığın hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov və digər 3 nəfərlə əlbir olaraq 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində 22 min 800 manat rüşvət alıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayev 4 il, Yaşar Hüseynov 3 il azadlıqdan məhrum edilmiş, digər 3 nəfərə isə şərti cəza verilmişdi.

Xəbər lenti