Sumqayıtda mikroavtobusla yük maşını toqquşdu - 15 yaralı var

XƏBƏR
11:31
9 Mart 2023
227

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bununla bağlı DİN-in Baş DYP İdarəsi məlumat yayıb.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, hadisə bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində qeydə alınıb.

“Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.

Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”, - İdarə rəsmisi əlavə edib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yayılan məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib.

TƏBİB-dən bildirilib ki, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib.

“Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir”, - rəsmi məlumatda bildirilb.

Xəbər lenti