Bakıda “Bravo”da silahlı insident - Ölən və yaralanan var+Yenilənir

HADİSƏ
12:51
4 Mart 2023
628

Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketində silahlı insident baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

***

Məlumata görə, hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qurumun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər:

“Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.

***

DİN silahlı insidentdə ölən şəxsin Həsənov Rüfət Rahib oğlu olduğunu açıqlayıb. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, vəfat edən şəxs polis əməkdaşı deyil.

Xəbər lenti