Güləşçinin məhkəməsində 30 minlik iddia qaldırıldı
Güləş milli komandasının sabiq üzvü Elman Muxtarovun həbs edilməsi barədə xəbər vermişdik.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədovanın sədrliyi ilə prosesdə güləşçinin işi üzrə məhkəmə başlayıb. Prosesdə ittiham aktını elan edilib. E.Muxtarov özünü təqsirli bilməyib.
Qeyd edək ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlamaqda, onun evinə qanunsuz daxil olaraq döyməkdə və pulunu almaqda ittiham olunur.
Zərərçəkmişin tərəfin vəkili güləşçidən 30 min 400 manat tutularaq onlara ödənilməsi ilə bağlı mülki iddia qaldırıb. Hakim iddianı icraata götürüb.
Daha sonra məlum olub ki, zərərçəkmişin arvadı məhkəməyə ərinin əleyhinə ifadə vermək üçün ərizə təqdim edib. Belə ki, o, istintaqa verdiyi ifadəsinin təhrif olunduğunu və əri ilə üzləşmək istədiyini bildirib. O, güləşçi Elman Muxtarovun mövqeyini müdafiə edərək hadisə vaxtı güləşçidə bıçaq olmadığını və onların evinə gələn zaman pul tələb etmədiyini bildirib.
Onu da qeyd edək ki, iddialara görə, güləşçi Elman Muxtarovla zərərçəkmişin arvadının yaxın münasibətləri olub. Hadisə də elə M.Məmmədov işdən evə qayıdarkən arvadını evdə E.Muxtarovla birlikdə görməsi zamanı baş verib.
Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.
Qeyd edək ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.
Daha çox