Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - Yenilənib

ÖLKƏ
12:02
14 Fevral 2023
415

Prezident İlham Əliyev fevralın 14-də San-Marinonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edib.

Sabah.az xəbər verir ki, səfir Con Matsa etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb.

Prezident İlham Əliyev San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə edib.

Səfir Con Matsa ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Səfir bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

San-Marinonun İtaliya ilə də çox sıx əlaqəsinin olduğunu vurğulayan diplomat bu çərçivədə də ölkələrimiz arasında xüsusilə təhsil və turizm sahələrində əməkdaşlıq üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Dövlət başçısı öz növbəsində bildirib ki, ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətləri var. İtaliya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Prezident İlham Əliyev, həmçinin özünün Vatikana və Roma papalarının Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Bu əsnada ölkələrimiz arasında yaxşı əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

***

Prezident İlham Əliyev fevralın 14-də Qananın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev 2019-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə iştirak etmək üçün Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfərini məmnunluqla xatırladıb. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğuladı və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir də öz növbəsində Qana Prezidentinin 2019-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edbi. Diplomat Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda yaradılmış infrastrukturdan və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluğunu bildirən səfir ölkəmizin davamlı inkişaf sahəsində təcrübəsinin maraqlı olduğunu qeyd edib. O, həmçinin ölkələrimiz arasında təhsil, kənd təsərrüfatı, mədən sənayesi kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbənin ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil aldığını bildirib.

Səfir təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğuladı, Azərbaycanın neft-qaz sahəsində ali təhsil müəssisələrinin rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycana mütəmadi səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın qurulacağına və ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyən ediləcəyinə ümidvar olduğunu deyib.

***

Prezident İlham Əliyev fevralın 14-də Anqolanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Xəbər lenti