Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı

XƏBƏR
10:49
24 Yanvar 2023
248

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Belə ki, T.İbrahimov Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.

Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başladılıb. İttihama görə, o, öz hərəkətləri ilə Baş Prokurorluğu nüfuzdan salmaq, etimadsızlığa zəmin yaradaraq vətəndaşı rüşvətverməyə təhrik edib.

İş materialları toplanaraq baxılması üçün məhkəməyə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimov keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınırdı. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanmışdı. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinirdi.

Xəbər lenti