Məmmədlidəki yanğın söndürüldü - Yenilənib

HADİSƏ
14:04
11 Yanvar 2023
400

Abşeronda güclü yanğın başlayıb.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Yanğınla mübarizə tədbirləri davam etdirilir. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Yaşayış binasında yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülür.

DİN-in mətbuat xidmətindən bildirilib ki, sakinlərin təxliyyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb.

***

Yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən tam söndürülüb.

Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın zamanı bina sakinlərinin təxliyəsi həyata keçirilib. Həmçinin, qüvvələr tərəfindən binanın birinci mərtəbəsində yerləşən mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilib.

Xəbər lenti