Heydər Əliyev həyatının məqsədi bugünkü qüdrətli Azərbaycandır
Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən çox az sayda siyasi liderə rast gəlmək olar. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev istər tarixdə, istərsə də xalqın yaddaşında məhz müstəqil dövlətin simvolu kimi qalır. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planını təsdiqləməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha geniş təhlilinə, fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə yeni elmi araşdırmaların aparılmasına, kitabların nəşrinə imkanlar yaradacaq. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr edib: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam”. Ümummilli lider bu fikirlərinin davamı olaraq bildirib ki, mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır.
Böyük əminliklə söylənilən “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” fikri özündə bütün məqamları, ümummilli liderin Azərbaycanın bu günü üçün gördüyü işləri ehtiva edir. Ümummilli lider hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Tarixə müraciət etsək, görərik ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə gedən proseslərə çox ciddi şəkildə təsir göstərir. Ulu Öndər Heydər Əliyevin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Onun milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, ümummilli liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda iri addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək.
XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin düzgün dəyərləndirilməsi ilk növbədə onun hakimiyyətə qayıdışı dövründə ölkədə cərəyan edən proseslərə diqqət yetirməyi bir zərurət kimi qarşıya qoyur. Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illər tariximizin qara səhifəsi kimi xarakterizə olunur. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən də Silahlı Qüvvələrimizin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Bir sözlə, ölkədə hakimiyyətsizlik hökm sürürdü. Dahi şəxsiyyət Heydər Əliyev məhz belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb. Reallıq budur ki, o dövrdə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin dövrün təhlili fonunda bu çağırışı edib ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur”.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən qabaqcıl respublikaya cevirən Ulu öndər Heydər Əliyevin atdığı addımların böyük əksəriyyəti Azərbaycanı gələcəkdə müstəqil, özünə güvənən qüdrətli ölkə kimi görmək istəyindən irəli gəlib. Həmin illərdə yüzlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və sair kimi mühüm addımlar da deyilənlərin təsdiqidir. Ulu Öndər, eyni zamanda, dövlət dilimizin himayədarıdır. Ümummili lider bildirmişdir: “Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir.” Məhz ana dili məsələsində Ulu Öndər Heydər Əliyevin prinsipiallığı, qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilib. Bu mühüm məqam da daim vurğulanır ki, o dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermis üç keçmiş İttifaq respublikasından biri Azərbaycan olub.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurub. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ulu Öndər Heydər Əliyev adını tarixə müasir müstəqil Azərbaycanın memarı kimi yazıb. Dahi şəxsiyyətin aforizmə çevrilən bu fikri onun xidmətlərinin təqdimatı, bugünkü və gələcək nəsillərə tariximizi dərindən öyrənmələrinə bir çağırışdır: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Ümummilli Liderin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, dəyişikliyin yaranmasına gətirib çıxarıb. Onun zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrilib. 1993-2003-cü illərdə yaradılan möhkəm təmələ söykənərək böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrilib. Sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayını artırıb. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyulub. 1994-cü il 20 sentyabr tarixində tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişinin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasına geniş imkanlar açıb. Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Dahi şəxsiyyət, eyni zamanda, neft gəlirlərinin düzgün idarə olunmasının prioritetliyini önə çəkərək bildirmişdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ümummilli liderin uzaqgörənliyinin göstəricisidir. Hazırda Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ümumilikdə ölkəmizin hərtərəfli inkişafına xidmət edir.
Ulu öndər Heydər Əliyevin bu çağırışı da dövlətimizin siyasətinin əsas tərkib hissəsinə çevrildi: “Demokratiya bizim strateji kursumuzun əsasını təşkil edir. Hec bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz”. Demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkib. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin formalaşması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili istiqamətində atılan addımların uğurlu nəticələri bugünümüzün reallıqlarında öz əksini tapıb. 1995-ci il 12 noyabrda Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin inkişafına xidmət edən mühüm addım olub. Konstitusiyada əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edir.
Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin sözdə deyil, əməldə öz təsdiqini tapması atılan addımların xronologiyasında özünü nümayiş etdirir. Ən əsası Azərbaycan 2001-ci ilə dünyanın nüfuzlu təşkilatı, bilavasitə demokratik təsisatların inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib.
Hər bir dövlətin, xalqı varlığını təsdiqləyən mühüm amillərdən biri onun milli-mənəvi dəyərləridir. Ulu Öndər Heydər Əliyev milli və dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynadı. “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik”,-deyən Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün çox mühüm tədbirlər həyata keçirib. Vətəndaşların vicdan azadlığı Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapıb.
Bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında yaşayır, inkişaf edir, regionda və dünyada söz sahibinə çevrilir.
Çərkəz Əliyeva
Qaradağ rayonu
Heydər Əliyev Mərkəzinin direktoru
Daha çox