Paytaxtda bir nəfəri öldürən və iki nəfəri xəstəxanalıq edən şəxs tutuldu - Yenilənib

ÖLKƏ
10:21
19 Dekabr 2022
558

Dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində kütləvi dava olub.

DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, rayon ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Xətai rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb:

“Dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2000-ci il təvəllüdlü Nemət Həsənovun öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda iş üzrə istintaq davam edir”.

***

Paytaxtın Xətai rayonu ərazisində bir nəfəri öldürməkdə, 2 nəfərə isə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Sabah.az xəbər verir ki, bununla bağlı Xətai Rayon Prokurorluğu məlumat yayıb.

İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun “NZS qəsəbəsi” adlanan ərazidə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti