Mərkəzi Bank uçot dərəcəsini artırdı

İQTİSADİYYAT
11:49
16 Dekabr 2022
408

Azərbaycanda uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.25 faizə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25 faizə qaldırılıb.

Mərkəzi Bankdan Sabah.az-a verilən məlumata görə, dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək.

Həm neft-qaz sektoru, həm də qeyri-neft-qaz sektoru üzrə ixracın artım tempi yüksək olaraq qalır. Bu şəraitdə xarici ticarət balansının profisiti 23.1 mlrd. dollara çatıb. Bu dövrdə qeyri-neft-qaz ixracının həcmi 2.4 mlrd. dollar olub.

2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 9.2 faiz artıb. Noyabrda aylıq inflyasiya 1 faiz, illik inflyasiya 15.1 faiz təşkil edib.

2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1 faiz, ilin əvvəlinə nəzərən 18.1 faiz, ötən ilin eyni ayına nəzərən isə 21.1 faiz artıb. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12.7 faiz, istehlak kreditləri 27.7 faiz, ipoteka kreditləri isə 21.9 faiz artıb.

Xəbər lenti